Şəkərli diabet və qlükoza mübadiləsi

Prediabet (gizli şəkər): əlamətlər və nə etməli

Qısa cavab

Prediabet qan şəkəri normadan yüksək, lakin şəkərli diabet diaqnozu qoymaq üçün lazım olan həddə çatmayan vəziyyətdir. Xalq arasında "gizli şəkər" adlanır. Bu, xəstəlikdən əvvəlki mərhələdir və vaxtında müdaxilə edildikdə geri dönə bilər.

"Şəkərə meyillisən" ifadəsi nə deməkdir?

Praktikada ən çox rast gəlinən yanlış anlaşılmalardan biri budur. Yüksək göstərici "meyillilik" kimi izah edilib xəstə müalicəsiz buraxıldıqda illər sonra orqan zədələnməsi ilə qayıdır. Göstərici artıq diabet həddindədirsə, bu meyillilik deyil, xəstəlikdir və müalicə tələb edir. Prediabet həddindədirsə də, bu, "narahat olmağa dəyməz" demək deyil — məhz bu mərhələ müdaxilə üçün ən əlverişli dövrdür.

Kimlər yoxlanmalıdır?

  • 45 yaşdan yuxarı olanlar
  • Artıq çəkisi və ya piylənməsi olanlar
  • Ailəsində şəkərli diabet olanlar
  • Hamiləlik diabeti keçirmiş qadınlar
  • Polikistik yumurtalıq sindromu olanlar
  • Yüksək təzyiq, yüksək trigliserid və ya aşağı HDL xolesterini olanlar
  • Az hərəkətli həyat tərzi keçirənlər
  • İnsulin müqaviməti aşkarlananlar

Bədən hansı siqnalları verir?

  • Aclıq zamanı əsmə, titrəmə
  • Yeməkdən sonra yuxululuq və halsızlıq
  • Daimi aclıq hissi
  • Şirniyyata güclü meyillik
  • Gecə tez-tez sidiyə getmək üçün oyanma
  • Ağızda quruluq
  • Artmış tərləmə
  • Qarın nahiyəsində piylənmə
  • Yüksək təzyiq və ya xolesterin pozğunluğu

Bu əlamətlərin heç biri olmaya da bilər — buna görə risk qrupundakılarda şikayət olmadan da skrininq aparılır.

Diaqnoz necə qoyulur?

Aclıq qan qlükozası, HbA1c və göstəriş olduqda qlükoza tolerantlıq testi (OGTT) ilə. Bunlara insulin, C-peptid və lipid profili əlavə oluna bilər.

Nə etməli?

Prediabet mərhələsində əsas müdaxilə həyat tərzi dəyişikliyidir: qidalanmanın tənzimlənməsi, fiziki aktivliyin artırılması, çəki idarəsi və yuxu rejimi. Göstəriş olduqda tibbi müalicə də əlavə oluna bilər. Müntəzəm nəzarət mütləqdir.

Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.

Sual-Cavab

Tez-tez verilən suallar

Prediabet mütləq diabetə çevriləcəkmi?

Xeyr. Prediabet müdaxilə olunmadıqda diabetə keçmə riski yüksəkdir, lakin qaçılmaz deyil. Vaxtında aparılan həyat tərzi dəyişikliyi ilə göstəricilər normaya qayıda bilər.

Şikayətim yoxdur, yenə də müayinə olunmalıyam?

Bəli, əgər risk qrupundasınızsa. Prediabet və erkən diabetin əsas xüsusiyyəti səssiz gedişatdır.

Qəbula yazılın

Endokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.

Zəng WhatsApp Xəstəliklər Qəbul