İnsulin müqaviməti hüceyrələrin insulin hormonuna cavabının azalmasıdır. Qan şəkərini hüceyrələrə daşımaq üçün orqanizm daha çox insulin ifraz etməyə məcbur qalır. Nəticədə qan şəkəri bir müddət normal görünsə belə, yüksək insulin səviyyəsi çəki artımına, hormonal pozğunluqlara və zamanla tip 2 diabetə yol açır.
Əlamətlər hansılardır?
- Tez-tez acmaq, doyma hissini itirmək
- Şirin və ya duzlu qidalara güclü meyillik
- Çörəyə, makarona meyillilik
- Yedikdən sonra yuxululuq və halsızlıq
- Aclıq zamanı əsəbilik, əl titrəməsi, tərləmə
- Bel və qarın nahiyəsində piylənmə, bel çevrəsinin genişlənməsi
- Sürətli çəki alma və çətin çəki vermə
- Davamlı yorğunluq
- Susuzluq, tez-tez sidiyə getmə
- Əl-ayaqda qıcıqlanma, sancı
- Qadınlarda aybaşı pozğunluğu
- Akantozis nigrikans — boyun, qoltuqaltı və qasıq nahiyəsində, büküş yerlərində qaralma
Akantozis nigrikans haqqında: Bu qaralmalar çirk deyil və yumaqla, silməklə keçmir. Bu, dərinin piqment dəyişikliyidir və çox vaxt ciddi insulin müqavimətinin əlamətidir. Praktikada yalnız bu əlamətdən yola çıxaraq laborator müayinə ilə insulin müqaviməti aşkarlanan xəstələr olur.
Kimlərdə rast gəlinir?
- Artıq çəkisi və ya piylənməsi olanlarda
- Ailəsində tip 2 diabet olanlarda
- Polikistik yumurtalıq sindromu olan qadınlarda
- Qaraciyər piylənməsi olanlarda
- Az hərəkətli həyat tərzi keçirənlərdə
- Yüksək təzyiq və ya dislipidemiyası olanlarda
Diaqnoz necə qoyulur?
Anamnez və fiziki müayinə (bel çevrəsi, bədən kütlə indeksi, akantozis nigrikansın axtarılması) ilə yanaşı, aclıq qlükozası və insulin səviyyəsi, HbA1c, göstəriş olduqda qlükoza tolerantlıq testi, lipid profili və qaraciyər fermentləri yoxlanılır.
Müalicə necə aparılır?
Müalicə xəstənin yaşı, həyat tərzi, ailə anamnezi və yanaşı xəstəlikləri nəzərə alınaraq seçilir. Araşdırmalara görə xəstələrin əhəmiyyətli hissəsində həyat tərzi dəyişikliyi ilə insulin müqavimətini qırmaq mümkündür; həyat tərzi dəyişikliyi kifayət etmədikdə medikamentoz müalicə əlavə olunur.
Praktikada insulin müqaviməti düzəldikcə çəki, qaraciyər fermentləri, xolesterin göstəriciləri və aybaşı tsikli də bərpa oluna bilir.
Nəyə səbəb ola bilər?
- Piylənmə
- Xolesterin yüksəkliyi
- Arterial təzyiqin yüksəlməsi
- Tip 2 şəkərli diabet
- Damar sərtliyi və kardiovaskulyar risk
- Aybaşı pozğunluğu
- Polikistik yumurtalıq sindromu
- Qaraciyərin piylənməsi
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
İnsulin müqaviməti diabet deməkdirmi?
Xeyr. İnsulin müqaviməti diabet deyil, lakin müdaxilə olunmadıqda tip 2 diabetə gedən yolun mühüm mərhələsidir.
Qan şəkərim normaldır, insulin müqaviməti ola bilərmi?
Bəli. Erkən mərhələdə orqanizm artıq insulin ifraz edərək qan şəkərini normal saxlaya bilir. Buna görə yalnız qan şəkərinə baxmaq kifayət etmir.
Həyat tərzi dəyişikliyi tək başına kifayət edirmi?
Bir çox xəstədə bəli. Lakin bu, hər kəs üçün eyni deyil — yaş, xəstəliyin müddəti, yanaşı xəstəliklər və göstəricilərin ağırlıq dərəcəsi qərarı dəyişir.