Tez-tez verilən suallar

Xəstələrin ən çox verdiyi suallar və birbaşa cavablar. Sualınızın cavabını tapmasanız, qəbula yazılarkən qeyd edə bilərsiniz.

Qəbul və qeydiyyat

İlk qəbula nə gətirmək lazımdır?

Əvvəlki laborator analizlərinizi, ultrasəs və digər müayinə nəticələrinizi, hazırda qəbul etdiyiniz bütün dərmanları — qutusu ilə və ya adı və dozası yazılmış şəkildə. Şəkər ölçmə dəftəriniz varsa onu da gətirin.

Ac gəlməliyəmmi?

Planlaşdırılan analizlərdən asılıdır. Qan şəkəri, insulin və lipid profili nəzərdə tutulursa ac gəlmək tələb oluna bilər. Qeydiyyat zamanı dəqiqləşdirin. Tiroid ultrasəs müayinəsi üçün ac və ya tox olmağın fərqi yoxdur.

Ultrasəs müayinəsini kim edir?

Qalxanabənzər vəzin ultrasəs müayinəsi qəbul zamanı həkimin özü tərəfindən aparılır.

Endokrinoloq nəyə baxır?

Endokrinoloq hansı xəstəliklərə baxır?

Şəkərli diabet və onun ağırlaşmaları, qalxanabənzər vəz xəstəlikləri, insulin müqaviməti, piylənmə və metabolik sindrom, hipofiz və böyrəküstü vəz xəstəlikləri, kalsium və sümük mübadiləsi pozğunluqları, reproduktiv hormonal problemlər, vitamin və mineral çatışmazlıqları.

Endokrinoloqa nə vaxt müraciət etmək lazımdır?

Səbəbi aydın olmayan yorğunluq, çəki dəyişikliyi, saç tökülməsi, tərləmə, istiyə və ya soyuğa dözümsüzlük, əl titrəməsi, aybaşı pozğunluğu, boyunda şişkinlik, çox su içmə və tez-tez sidiyə getmə şikayətlərində. Ailənizdə şəkərli diabet, tiroid xəstəliyi və ya piylənmə varsa, şikayət olmadan da müayinə tövsiyə olunur.

Ginekoloq/kardioloq/dermatoloq məni endokrinoloqa göndərib — niyə?

Hormonlar bir çox sistemə eyni anda təsir edir. Saç tökülməsi, akne, aybaşı pozğunluğu, dirəncli hipertoniya və hətta dəri ləkələri hormonal pozğunluğun əlaməti ola bilər. Buna görə multidissiplinar yönləndirmə tez-tez tətbiq olunur.

Şəkərli diabet

Şəkərli diabetin əlamətləri hansılardır?

Ağızda quruluq və çox su içmə, tez-tez sidiyə getmə, səbəbsiz çəki itkisi, yorğunluq, görmənin bulanıqlaşması, yaraların gec sağalması. Bir çox halda isə diabet ilkin mərhələdə heç bir əlamət vermir.

"Gizli şəkər" nədir?

Qan şəkərinin normadan yüksək, lakin diabet həddinə çatmayan vəziyyətidir — tibbi adı prediabetdir. Vaxtında müdaxilə edildikdə geri dönə bilər.

HbA1c nədir?

HbA1c (qlikohemoqlobin) son 2–3 ayın orta qan şəkərini göstərən qan testidir. Həm diaqnozda, həm də müalicənin effektivliyinin qiymətləndirilməsində istifadə olunur.

Şəkərim normaldır, dərmanı kəsə bilərəmmi?

Xeyr, həkimə demədən kəsməyin. Normal göstərici çox vaxt dərmanın təsiri ilə əldə olunur. Dozanın azaldılması və ya dayandırılması qərarı laborator nəzarətlə verilir.

İnsulin asılılıq yaradırmı?

Xeyr. İnsulin asılılıq yaratmır. Bir çox xəstədə göstəricilər hədəfə düşdükdən sonra insulini dayandırıb tabletli müalicəyə keçmək mümkün olur.

Diabet xəstəsi oruc tuta bilərmi?

Bu qərar fərdi verilir və oruc başlamazdan əvvəl mütləq həkimlə müzakirə olunmalıdır. Risk qrupu qiymətləndirilir, dərman dozaları və saatları yenidən tənzimlənir.

Qalxanabənzər vəz

Tiroid düyünü nədir və təhlükəlidirmi?

Tiroid düyünü qalxanabənzər vəz toxumasında əmələ gələn kütlədir. Əhalinin böyük hissəsində rast gəlinir və əksəriyyəti xoşxassəlidir. Vacib olan düyünün ölçüsü deyil, ultrasəs xarakteristikası və hormonal aktivliyidir.

Hər düyün əməliyyat deməkdirmi?

Xeyr. Bir çox düyün müntəzəm həkim nəzarəti ilə illərlə stabil qalır və əməliyyat tələb etmir.

Hipotireoz çəki artımına səbəb ola bilərmi?

Bəli, tiroid hormonlarının çatışmazlığı maddələr mübadiləsini yavaşladaraq çəki artımına səbəb ola bilər. Lakin hər çəki artımının səbəbi hipotireoz deyil.

Anti-TPO yüksəkdir — bu nə deməkdir?

Anti-TPO yüksəkliyi autoimmun tiroidit xəstəliyini göstərir. Bu göstərici tək başına deyil, tiroid hormonları və ultrasəs müayinəsi ilə birlikdə dəyərləndirilməlidir.

"Zob dərmanı" asılılıq yaradırmı?

Xeyr. Bu dərmanlar yalnız ehtiyacı olan xəstələrə təyin edilir və asılılıq yaratmır. Lakin yanlış diaqnozla təyin olunduqda qalıcı fəsadlara səbəb ola bilər — buna görə diaqnoz dəqiq qoyulmalıdır.

Yod qəbul etməliyəmmi?

Hər tiroid probleminə yod təyin edilmir. Yodun həm azlığı, həm də çoxluğu tiroid funksiyasına mənfi təsir edir. Həkimlə məsləhətləşmədən yod preparatı qəbul etməyin.

Çəki və metabolizma

İnsulin müqaviməti nədir?

İnsulin müqaviməti hüceyrələrin insulin hormonuna cavabının azalmasıdır. Çəki artımı, yeməkdən sonra yuxululuq, daimi aclıq hissi və şirniyyata meyillik ən çox rast gəlinən əlamətlərdir.

Piylənmə xəstəlikdirmi?

Bəli. Piylənmə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik kimi tanınır və iradə problemi deyil. Kökündə genlər, hormonlar, həyat tərzi, psixoloji amillər və bağırsaq mikrobiotası dayanır.

Pəhriz saxlayıram, çəki getmir. Səbəb nə ola bilər?

Ən çox rast gəlinən səbəblər insulin müqaviməti, hipotireoz, bəzi dərmanların təsiri, yuxu pozğunluğu və həddindən artıq kalori məhdudiyyətidir. Bunlar müayinə ilə araşdırılır.

Boynumda və büküşlərdə qaralma var — bu nədir?

Bu, akantozis nigrikans ola bilər. Çirk deyil və yumaqla keçmir; çox vaxt ciddi insulin müqavimətinin əlamətidir və laborator müayinə tələb edir.

Arıqlama dərmanları hər kəsə uyğundurmu?

Xeyr. Bu qrup preparatlar həkim təyinatı və nəzarəti olmadan istifadə edilə bilməz. Xəstəyə uyğunluğu, dozası və yanaşı xəstəliklər nəzərə alınmalıdır.

Analizlər və dərmanlar

Həkim niyə bu qədər analiz istəyir?

Analizlər beş məqsədlə təyin olunur: iki xəstəliyi bir-birindən ayırmaq, xəstəliyin ciddiyyətini görmək, diaqnozu dəqiqləşdirmək, düzgün dərmanı seçmək və müalicənin təsirini izləmək. Endokrinologiyada laborator müayinənin rolu tibbin bir çox digər sahəsindən böyükdür.

Dərmanımı öz-özümə kəsə bilərəmmi?

Xeyr. Dərmanı kəsmək və ya dəyişmək qərarı onu təyin edən həkimlə və ya ən azı həmin ixtisasın həkimi ilə müzakirə olunmalıdır. Yanlış təyin edilmiş və ya özbaşına kəsilmiş dərman ciddi fəsadlara yol aça bilər.

Bir neçə həkimdən dərman almışam — problem olarmı?

Bəli, ola bilər. Eyni qrupdan bir neçə dərmanın eyni anda qəbul edilməsi təhlükəlidir. Buna görə qəbula gələrkən bütün dərmanlarınızın adını və dozasını gətirin.

Praktiki məlumat

Qəbula necə yazılmaq olar?

Saytdakı qəbul formasını doldurmaqla müraciət edə bilərsiniz. Telefon və WhatsApp kanalları: təsdiq gözlənilir

Qəbul harada keçirilir?

ATU Tədris Terapevtik Klinikası · Sədəf Tibb Mərkəzi
Bakı — dəqiq ünvan qeydiyyat zamanı bildirilir.

İş saatları necədir?

B.e–Cümə 09:00–16:00 · Şənbə 09:00–14:00 · Bazar günü bağlıdır

Sığorta ilə qəbul olurmu?

təsdiq gözlənilir

Qəbulu ləğv etmək və ya vaxtı dəyişmək olarmı?

təsdiq gözlənilir

Uşaqlar qəbul olunurmu?

təsdiq gözlənilir

Cavabını tapmadığınız sual varsa, qəbula yazılarkən qeyd edin.

Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.

Qəbula yazılın

Endokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.

Zəng WhatsApp Xəstəliklər Qəbul