Şəkərli diabet və qlükoza mübadiləsi

Şəkərli diabetin ağırlaşmaları

Qısa cavab

Diabetin ağırlaşmaları uzunmüddətli yüksək qan şəkərinin damarlara və sinirlərə vurduğu zədənin nəticəsində orqanlarda yaranan pozğunluqlardır. Əsas ağırlaşmalar bunlardır: gözlərin zədələnməsi (retinopatiya), sinirlərin zədələnməsi (neyropatiya), böyrəklərin zədələnməsi (nefropatiya), diabetik ayaq və cinsi funksiya pozğunluğu. Ən vacib xüsusiyyət: bu ağırlaşmaların əksəriyyəti uzun müddət heç bir ağrı və şikayət vermir.

Diabetik neyropatiya və polineyropatiya

Yüksək qan şəkərinin sinir liflərini zədələməsi nəticəsində yaranır. Ayaqlarda yanma, keyimə, üşümə, isinmə, iynə batma, "qarışqa gəzmə" hissi ilə başlayır; müalicə olunmadıqda dözülməz ağrılar və hissiyyatın tam itməsi ilə nəticələnə bilər. Yalnız ayaq və əl deyil, daxili orqanların (ürək, mədə, bağırsaq) sinirləri də zədələnə bilər.

Risk faktorları: xəstəliyin uzun müddəti, nəzarətsiz qan şəkəri, yaş, siqaret və alkoqol, az fiziki aktivlik, periferik damar xəstəliyi, vitamin və mineral çatışmazlıqları.

Şikayət olduqda tiroid hormonları, B12, fol turşusu və bəzi minerallar da yoxlanılır — ağırlaşdırıcı amillər aradan qaldırılmalıdır. Sinir toxuması orqanizmin ən gec bərpa olunan toxumasıdır; buna görə nəticə səbr tələb edir.

Diabetik ayaq

Hissiyyatın azalması və qan dövranının pozulması nəticəsində kiçik bir kəsik, çizik və ya yanıq uzun müddət sağalmayan yaraya çevrilə bilər. Xəstə ayağındakı zədəni hiss etmədiyi üçün yara çox vaxt gec aşkarlanır.

Ayaq baxımı qaydaları

  • Hər gün ayaqlarınıza baxın — altını görmək üçün güzgüdən istifadə edin
  • Barmaq aralarını qurulayın, nəm qalmasına imkan verməyin
  • Dırnaqlarınızı diqqətlə və təmiz dırnaqtutanla tutun
  • Çılpaq ayaqla gəzməyin — dənizdə və hovuzda mütləq rezin dəniz ayaqqabısı geyinin
  • Sobaya, isidici torbaya, isidici vasitələrə yaxın oturmayın — yandığınızı hiss etməyə bilərsiniz
  • Qan şəkərini və xolesterini hədəfdə saxlayın
  • Hər hansı yara, çat və ya rəng dəyişikliyi görsəniz dərhal həkimə müraciət edin

Diabetik nefropatiya (böyrək zədələnməsi)

Böyrəklər sıradan çıxarkən son mərhələyə qədər ağrı vermir. Xəstə yalnız ayaqlarda şişkinlik, halsızlıq və təzyiq dalğalanması hiss etdikdə müraciət edir — bu isə gec ola bilər.

Nə etməli: Şəkərli diabetiniz varsa ildə ən azı 2 dəfə HbA1c, kreatinin və GFR (böyrək filtrasiya sürəti) yoxlanmalı, sidikdə albumin təyin olunmalıdır. Şəkərinizin "yaxşı" olduğunu hissiyyatla deyil, analizlərlə təsdiqləyin.

Vaxtında aşkarlandıqda düzgün endokrinoloji müalicə, qan şəkərinin ciddi nəzarəti və müasir orqanqoruyucu preparatlar prosesi ləngidə bilir.

Diabetik retinopatiya (göz zədələnməsi)

Gözün tor qişasındakı kiçik damarların zədələnməsidir. Erkən mərhələdə görmə pozğunluğu vermir. Buna görə diabet xəstələrinə ildə bir dəfə oftalmoloq tərəfindən göz dibi müayinəsi tövsiyə olunur.

Kardiovaskulyar ağırlaşmalar

Uzunmüddətli yüksək qan şəkəri damar divarlarını zədələyir, damarların daralmasına və elastikliyini itirməsinə səbəb olur, aterosklerozu sürətləndirir. Nəticədə ürək damarlarında qan axını azalır və stenokardiya riski artır.

Təcili

Sinədə göynəmə, ağrı və ya sıxıntı hissi olduqda dərhal kardioloji dəyərləndirmə tələb olunur.

Digər ağırlaşmalar

  • Diabetik dermopatiya — baldırın önündə qəhvəyi, oval, ağrısız ləkələr
  • Sidik yolu infeksiyaları — sidikdə qlükoza bakteriyalar üçün əlverişli mühit yaradır, immunitet zəifləyir, neyropatiya səbəbindən sidik kisəsi tam boşalmır
  • Ağız və diş problemləri — diş əti xəstəlikləri, ağız quruluğu, dad almada çətinlik, yaraların yaranmasına meyillik, diş çürüməsində artım, kandidoz
  • İnfeksiyalara meyillik — dəri infeksiyaları da daxil olmaqla
  • Qaraciyər zədələnməsi — nəzarətsiz diabetdə qaraciyər piylənməsindən sirroza gedən yol

Necə qorunmaq olar?

Ağırlaşmalardan qorunmanın yolu polivitamin və "sistemlərdən" keçmir. Üç göstəricinin hədəfdə saxlanılmasından keçir: qan şəkəri, arterial təzyiq və xolesterin. Buna 3 aydan bir laborator nəzarət, ildə bir dəfə böyrək və kardioloji dəyərləndirmə əlavə olunur.

Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.

Sual-Cavab

Tez-tez verilən suallar

Şikayətim yoxdur — yenə də bu müayinələr lazımdırmı?

Bəli. Diabetin ağırlaşmalarının böyük hissəsi şikayət vermədən inkişaf edir. Şikayət başlayanda geri dönüş imkanı azalmış olur.

Ayaq ağrılarım revmatikdirmi, yoxsa diabetdənmi?

Bu, müayinə ilə ayırd edilir. Praktikada ayaq ağrılarının səbəbinin hipotireoz olduğu hallar da rast gəlinir. Ağrının səbəbi araşdırılmadan müalicə başlanmır.

Qəbula yazılın

Endokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.

Zəng WhatsApp Xəstəliklər Qəbul