Şəkərli diabet: əlamətlər, diaqnoz və müalicə
Bu səhifəni Bakıda fəaliyyət göstərən endokrinoloq Dr. Günel Musayeva hazırlayıb.
Şəkərli diabet orqanizmin insulin hormonunu kifayət qədər istehsal edə bilməməsi və ya istehsal olunan insulindən düzgün istifadə edə bilməməsi nəticəsində qanda şəkər səviyyəsinin davamlı yüksək qalması ilə xarakterizə olunan xroniki xəstəlikdir. Nəzarətsiz qalan yüksək qan şəkəri zamanla damarlara, böyrəklərə, sinirlərə, gözlərə və ürəyə zədə vurur.
Tip 1 və tip 2 diabet arasında fərq nədir?
Tip 1 diabet — mədəaltı vəzin insulin istehsal edən hüceyrələrinin zədələnməsi nəticəsində orqanizmin insulin ifraz edə bilməməsidir. Müalicəsində insulin əvəzedici terapiya əsasdır. Daha çox uşaq və gənc yaşda başlayır, lakin hər yaşda rast gəlinə bilər.
Tip 2 diabet — hüceyrələrin insulinə həssaslığının azalması (insulin müqaviməti) və zamanla insulin ifrazının da azalması ilə inkişaf edir. Ən çox rast gəlinən formadır. Praktikada nəsil keçdikcə daha gənc yaşlarda diaqnoz qoyulur — 30 və 33 yaşında diaqnoz alan xəstələr artıq nadir hal deyil.
Kimlər risk qrupundadır?
- 45 yaşdan yuxarı olanlar
- Bədən kütlə indeksi 25-dən yuxarı olanlar
- Ailəsində şəkərli diabet olanlar
- Prediabeti və ya keçmişdə hamiləlik diabeti olanlar
- İnfarkt və ya insult keçirənlər
- İnsulin müqaviməti olanlar
- Arterial hipertoniyası və ya xolesterin mübadiləsi pozğunluğu olanlar
- Az hərəkətli həyat tərzi keçirənlər
- Polikistik yumurtalıq sindromu olan qadınlar
Əlamətlər hansılardır?
Klassik əlamətlər
- Ağızda quruluq, çox su içmə
- Tez-tez sidiyə getmə, gecə oyanma
- Səbəbsiz çəki itkisi
- Davamlı yorğunluq və halsızlıq
- Görmənin bulanıqlaşması
- Yaraların gec sağalması, təkrarlanan infeksiyalar
- Ağızda aseton qoxusu
Erkən siqnallar (diabet hələ qoyulmamışdan əvvəl)
- Aclıq zamanı əsmə və titrəmə
- Yeməkdən sonra halsızlıq və yuxululuq
- Daimi aclıq hissi, şirniyyata güclü meyillik
- Artmış tərləmə
- Qarın nahiyəsində piylənmə
- Yüksək təzyiq və ya xolesterin pozğunluğu
Şəkərli diabet çox vaxt ilkin mərhələdə heç bir kəskin əlamət vermir. Praktikada başqa şikayətlə — boyun ağrısı, kardioloq göndərişi, diş problemi, ayaqda hissiyyat pozğunluğu — gələn xəstələrdə diabet diaqnozu qoyulan hallar tez-tez rast gəlinir.
Diaqnoz necə qoyulur?
- Aclıq qan qlükozası
- HbA1c (qlikohemoqlobin) — son 2–3 ayın orta qan şəkərini göstərir; həm diaqnozda, həm də müalicənin təsirinin izlənməsində istifadə olunur
- Qlükoza tolerantlıq testi (OGTT) — göstəriş olduqda
- Əlavə: C-peptid, insulin, antitellər (tipin dəqiqləşdirilməsi üçün), lipid profili, böyrək və qaraciyər funksiyası
Qeyd: Sidikdə şəkərə baxaraq diabet diaqnozu qoymaq və ya xəstəni izləmək düzgün deyil — böyrəklərin qlükozanı geri sorma qabiliyyəti hər insanda fərqlidir.
Müalicə və təqib nə deməkdir?
Diabet birdəfəlik müalicə ilə deyil, davamlı təqiblə idarə olunur. Müalicə xəstəyə fərdi seçilir və üç istiqamətdə aparılır: qidalanma və fiziki aktivlik, tibbi müalicə (tablet və/və ya insulin), ağırlaşmaların erkən aşkarlanması.
Hədəf yalnız qan şəkərini salmaq deyil — arterial təzyiqi, xolesterini nəzarətdə saxlamaq və hədəf orqanları (böyrək, göz, sinir, ürək) qorumaqdır.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
Şəkərim normallaşıb, dərmanı kəsə bilərəmmi?
Xeyr, həkimə demədən kəsməyin. Normal göstərici çox vaxt məhz dərmanın təsiri ilə əldə olunur. Praktikada dərmanı özbaşına kəsib bir il sonra orqan zədələnməsi ilə qayıdan xəstələr rast gəlinir. Dozanın azaldılması və ya dərmanın dayandırılması qərarı laborator nəzarətlə həkim tərəfindən verilir.
"Raboçi" şəkərim yüksəkdir, artıq belə qalacaq?
Belə bir anlayış yoxdur. Dərmanı qəbul etdiyiniz və həyat tərzinizi dəyişdiyiniz halda qan şəkəri hələ də enmirsə, bu, dozanın və ya dərman kombinasiyasının düzgün seçilmədiyini göstərir. Salına bilməyən şəkər deyil, seçilməmiş müalicə var.
Diabet xəstəsi meyvə yeyə bilərmi?
Meyvə də qan şəkərini yüksəldir. Buna görə metabolik pozğunluğu olan xəstələrə meyvə porsiya ilə və günün erkən saatlarında tövsiyə olunur. Miqdar və növ fərdi olaraq müəyyən edilir.
"Şəkərsiz" konfetlər diabet xəstəsi üçün uyğundurmu?
Bazarda "şəkər xəstələri üçün" adı ilə satılan bir çox karamel əslində şəkərdən hazırlanır; turş dad rəngli və dad verici maddələrdən gəlir. Şəkər əvəzediciləri ilə hazırlananlar isə insulin mübadiləsinə təsir edə bilər. Ən yaxşısı — məhsulun tərkib siyahısını oxumaq və şübhə olduqda həkimə göstərməkdir.
Alkoqol qəbul edə bilərəmmi?
Şəkərli diabet xəstələrinə alkoqol tövsiyə olunmur. Nəzarətsiz diabetdə alkoqol hipoqlikemiya riskini artırır, ketoza və pankreatitə yol aça bilər; qaraciyərə toksik təsir yüksək qan şəkəri ilə birlikdə daha da güclənir.
Şəkərli diabetlə idman etmək olarmı?
Bəli, fiziki aktivlik müalicənin bir hissəsidir. İdmanın növü və saatı xəstəyə uyğun seçilir; ideal olan yeməkdən 1–3 saat aralıqda hərəkət etməkdir. Çox ac ikən idman hipoqlikemiya riski yaradır. İdman rejimini dəyişməzdən əvvəl mütləq həkiminizə məlumat verin — antidiabetik dərman dozalarının yenidən dəyərləndirilməsi lazım gələ bilər.