Tiroid düyünü qalxanabənzər vəz toxumasının içərisində əmələ gələn kütlədir. Vəzdə bir düyün deyil, bir neçə düyün olduqda buna çoxdüyünlü zob (ur) deyilir. Əhalinin böyük hissəsində qalxanabənzər vəz düyünü rast gəlinir və bu düyünlərin əksəriyyəti xoşxassəlidir.
Hər düyün əməliyyat deməkdirmi?
Xeyr. Üç vacib fakt:
- Düyünlər çox vaxt heç bir ağrı və narahatlıq vermədən, təsadüfi müayinədə tapılır
- Düyünün ölçüsü deyil, strukturu (xarakteri) daha önəmlidir
- Düzgün həkim nəzarəti ilə əməliyyatsız, sadəcə müşahidə ilə illərlə stabil qala bilər
Əlamətlər hansılardır?
Çox vaxt heç bir əlamət olmur. Olduqda:
- Boyunda şişkinlik, boğazda kütlə hissi
- Udmada çətinlik, səsdə dəyişiklik
- Halsızlıq, tez yorulma
- Saç tökülməsi
- Çəki dəyişiklikləri — bəzən arıqlama, bəzən kökəlmə
- Ürək döyüntülərinin sürətlənməsi, tərləmə, istiyə dözümsüzlük (hormonal aktiv düyünlərdə)
- Gözlərin bərəlməsi (toksik formalarda)
- Əhval dəyişiklikləri — əsəbilik, narahatlıq və ya əksinə, laqeydlik
Niyə yaranır?
- İrsi meyillik — ailədə kimdəsə olubsa risk artır
- Yod çatışmazlığı
- Hormonal pozğunluqlar
- Vəzdə yaşla bağlı dəyişikliklər
Diaqnoz necə qoyulur?
- Klinik müayinə — anamnez, boyun palpasiyası
- Qalxanabənzər vəzin ultrasəs müayinəsi — düyünlərin sayı, ölçüsü, quruluşu, kənarları, kalsinat olub-olmaması və qanlanması qiymətləndirilir. Bu, düyünlərin aşkarlanmasında əsas müayinə üsuludur.
- Laborator müayinə — TSH, sərbəst T4 və T3, antitellər. Düyünün hormonal aktiv olub-olmadığı müəyyən edilir.
- Ssintiqrafiya — göstəriş olduqda; düyünün hormonal aktivliyini qiymətləndirir.
- İncə iynə aspirasion biopsiya (İİAB) — şübhəli əlamətlər olduqda. Düyünün xoşxassəli və ya bədxassəli olduğunu dəqiqləşdirən ən etibarlı üsuldur.
Müayinələr sadədən mürəkkəbə, qeyri-invaziv üsuldan invaziv üsula, ucuzdan bahaya doğru prinsipi ilə aparılır.
Düyünləri "əridən" üsullar varmı?
Qalxanabənzər vəz düyünlərini əridən təsdiqlənmiş dərman və ya üsul yoxdur.
Zəli, arı, qurbağa və bu tipli xalq üsulları elmə məlum deyil və dəstəklənmir. Praktikada belə "müalicələrdən" sonra vəziyyəti ağırlaşan, hətta uzun müddət psixiatrik müalicə almalı olan xəstələr rast gəlinir. Bu üsullar həm faydasız, həm də zərərlidir və vaxt itkisinə səbəb olur.
Düzgün yol: düyünün xüsusiyyəti öyrənilir, hormonal aktivliyi araşdırılır və nəticəyə görə müşahidə, dərman müalicəsi və ya cərrahi müdaxilə qərarı verilir.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
Tiroid düyünü xərçəng deməkdirmi?
Xeyr. Düyünlərin böyük əksəriyyəti xoşxassəlidir. Bədxassəli olma ehtimalı ultrasəs xarakteristikasına görə qiymətləndirilir; şübhə olduqda biopsiya ilə dəqiqləşdirilir.
Biopsiya düyünə zərər verirmi?
Xeyr. "Toxunanda bədləşir, dağılır, sıçrayır" fikri elmi əsasa malik deyil. Biopsiya məhz gərəksiz əməliyyatların qarşısını almağa xidmət edir.
Düyünüm var, amma məni narahat etmir. Müayinəyə ehtiyac varmı?
Bəli. Narahatlıq verməmək təhlükəsiz olmaq demək deyil. Praktikada bir il əvvəl biopsiya tövsiyə olunan, lakin "məni narahat etmir" deyə gecikən xəstələrdə düyünün iki dəfə böyüdüyü hallar rast gəlinir.
Nəticəm xoşxassəli çıxıb — daha yoxlanmalıyammı?
Bəli. Xoşxassəli nəticə alınan düyünlər də müəyyən aralıqlarla ultrasəslə izlənir. Düyün böyüyərsə və ya xarakteristikası dəyişərsə yenidən dəyərləndirilir.
Yod qəbulu düyünü kiçildə bilərmi?
Hər qalxanabənzər vəz probleminə və düyününə yod təyin edilmir. Yanlış içilən hər preparat zərər verə bilər. Yod yalnız həkim təyinatı ilə istifadə olunmalıdır.