Hipotireoz (tənbəl zob): əlamətlər, analizlər və müalicə
Bu səhifəni Bakıda fəaliyyət göstərən endokrinoloq Dr. Günel Musayeva hazırlayıb.
Hipotireoz qalxanabənzər vəzin (tiroidin) kifayət qədər hormon ifraz edə bilməməsidir. Xalq arasında "tənbəl zob" adlanır. Tiroid hormonları maddələr mübadiləsinin sürətini idarə etdiyi üçün onların çatışmazlığı bədənin demək olar ki, bütün sistemlərinə təsir edir — ürək döyüntüsündən zülal və sümük mübadiləsinə qədər.
Əlamətlər hansılardır?
- Davamlı yorğunluq, halsızlıq, yuxululuq
- Çəki artımı
- Soyuğa dözümsüzlük
- Dərinin quruluğu
- Saç tökülməsi, dırnaqların qırılması
- Üzdə və gözlərdə şişkinlik (ödem)
- Qəbizlik
- Ürək döyüntülərinin normadan az olması
- Əzələ və sümük ağrıları
- Yaddaş və konsentrasiya problemləri
- Aybaşı pozğunluğu
- Səsdə kobudlaşma
Bu əlamətlərin heç biri hipotireoza spesifik deyil — buna görə diaqnoz laborator müayinə ilə qoyulur.
Diaqnoz necə qoyulur?
- TSH — qalxanabənzər vəzi stimullaşdıran hormon; ilk və əsas göstərici
- Sərbəst T4 və T3
- Anti-TPO və digər antitellər — autoimmun səbəbin (Haşimoto tiroiditinin) araşdırılması üçün
- Qalxanabənzər vəzin ultrasəs müayinəsi — vəzin quruluşunun və düyünlərin qiymətləndirilməsi
- Əlavə: lipid profili, dəmir, B12, D vitamini
Hər yüksək TSH hipotireoz deyil, hər aşağı TSH tirotoksikoz deyil. Diaqnoz yalnız laborator rəqəmə deyil, klinik əlamətlər, ultrasəs və laborator nəticələrin birlikdə dəyərləndirilməsinə əsaslanır. Yanlış diaqnozla təyin olunan tiroid hormonu və ya antitiroid dərman qalıcı fəsadlara səbəb ola bilər.
Hipotireoz nəyə təsir edir?
Xolesterin. Hipotireoz yağ mübadiləsini pozur. Buna görə hipotireoz diaqnozu qoyulan xəstələrdə xolesterin səviyyəsi yoxlanılır; əksinə, xolesterin pozğunluğu olan xəstələrdə isə hipotireoz və şəkərli diabet inkar edilir.
Qaraciyər. Tiroid hormon çatışmazlığının düzəldilməsi ilə qaraciyər fermentlərinin normallaşdığı hallar müşahidə olunur.
Böyrək göstəriciləri. Hipotireoz kreatinin səviyyəsinə təsir edə bilir.
Vitamin və mineral balansı. Hipotireoz dəmir və digər mineralların çatışmazlığı ilə birlikdə gedə bilir — buna görə hormon göstəriciləri normaya düşdükdən sonra da halsızlıq davam edirsə, əlavə araşdırma aparılır.
Hamiləlik. Hamiləlikdə müalicə olunmayan hipotireoz həm ana, həm də döl üçün ciddi risklər daşıyır.
Müalicə necə aparılır?
Müalicə əvəzedici hormon terapiyası ilə aparılır. Doza hər xəstə üçün fərdi seçilir və göstəricilər hədəfə çatana qədər tədricən tənzimlənir (titrasiya). Buna görə müalicənin başlanğıcında nəzarət müayinələri daha sıx aparılır.
"Zob dərmanı" asılılıq yaratmır və yalnız ehtiyacı olan xəstələrə təyin edilir.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
Hipotireoz çəki artımına səbəb ola bilərmi?
Bəli. Tiroid hormonlarının çatışmazlığı maddələr mübadiləsini yavaşladaraq çəki artımına və ödemə səbəb ola bilər. Lakin hər çəki artımının səbəbi hipotireoz deyil — insulin müqaviməti, kortizol pozğunluğu, dərman təsiri və qidalanma amilləri də araşdırılmalıdır.
Dərmanı ömürlük içməli olacağam?
Bu, hipotireozun səbəbindən asılıdır. Autoimmun mənşəli (Haşimoto) hipotireozda müalicə adətən uzunmüddətlidir. Bəzi keçici tiroidit formalarında isə hormon müalicəsi müvəqqəti olur. Qərar müntəzəm laborator nəzarətlə verilir.
Ramazanda sahura durmadığım üçün dərmanı kəsə bilərəmmi?
Xeyr. Dərmanın qəbul saatını dəyişmək üçün həkiminizlə məsləhətləşin. Praktikada sahura durmadığı üçün dərmanı kəsən və nəticədə TSH-ı normadan dəfələrlə yüksək qalxan xəstələr olur.
Yorğunluğumun səbəbi mütləq tiroiddirmi?
Xeyr. Yorğunluğun endokrin səbəbləri arasında tiroid hormonlarının disbalansı, kortizol ritminin pozulması, insulin müqaviməti, qadın hormonlarının dalğalanması, D vitamini, B12 və dəmir çatışmazlığı da var. Səbəb müayinə ilə aydınlaşdırılır.
Yod qəbul etməliyəmmi?
Hər tiroid probleminə yod təyin edilmir. Yodun həm azlığı, həm də çoxluğu tiroid funksiyasına mənfi təsir edir. Həkimlə məsləhətləşmədən yod preparatı qəbul etməyin.