Haşimoto tiroiditi immun sisteminin qalxanabənzər vəzi "yad cisim" kimi qəbul edib ona hücum etməsidir. Nəticədə vəz tədricən zədələnir və zamanla hormonal çatışmazlıq (hipotireoz) yaranır. Bu, hipotireozun ən çox rast gəlinən səbəblərindəndir.
Əlamətlər
Erkən mərhələdə heç bir əlamət olmaya bilər. Vəz zədələndikcə hipotireoz əlamətləri meydana çıxır:
- Xroniki yorğunluq və halsızlıq
- Çəki artımı
- Soyuğa dözümsüzlük
- Saç tökülməsi, dərinin quruluğu
- Qəbizlik
- Aybaşı pozğunluğu
- Yaddaş və konsentrasiya problemləri
- Boyunda şişkinlik hissi
Diaqnoz necə qoyulur?
- Anti-TPO və digər tiroid antitelləri
- TSH, sərbəst T4 və T3
- Qalxanabənzər vəzin ultrasəs müayinəsi — Haşimoto tiroiditinə xas struktur dəyişiklikləri (vəz toxumasının zədəli görüntüsü)
Anti-TPO yüksəkdir — bu nə deməkdir? Anti-TPO yüksəkliyi autoimmun tiroidit xəstəliyini göstərir. Lakin bu göstərici tək başına deyil, qalxanabənzər vəz hormonları və ultrasəs müayinəsi ilə birlikdə dəyərləndirilməlidir. Antitel yüksəkliyi olan hər xəstədə hormon çatışmazlığı olmaya bilər.
Ailəvi meyillik
Haşimoto tiroiditinin ailəvi meyilliyi var. Praktikada ana və qızın, ata və övladın eyni diaqnozla təqib olunduğu hallar tez-tez rast gəlinir. Ailəsində Haşimoto tiroiditi olanlarda profilaktik müayinə dəyərlidir. 13 yaşlı uşaqda TSH-ın normadan 20 dəfə yüksək olduğu, ultrasəsdə Haşimotoya xas əlamətlərin göründüyü və atasında da eyni diaqnoz olduğu hal buna nümunədir.
Digər autoimmun xəstəliklərlə əlaqə
Bir autoimmun xəstəlik olan insanda immun sisteminin digər orqanlara da hücum etmə ehtimalı artır. Haşimoto tiroiditi ilə birlikdə rast gəlinən vəziyyətlər:
Vitiligo — immun sisteminin dəridəki piqment hüceyrələrinə (melanositlərə) hücum etməsi nəticəsində ağ ləkələrin yaranması. Buna görə vitiligo aşkarlanan hər xəstədə tiroid antitelləri və hormonları yoxlanılır.
Tip 1 şəkərli diabet — tip 1 diabeti olan şəxsdə qan şəkərinin səbəbsiz yerə gah düşməsi, gah da idarəolunmaz yüksəlməsi qalxanabənzər vəzlə əlaqəli ola bilər.
Psoriaz (sədəf xəstəliyi) — psoriazı olan xəstələrdə hipotireozun rast gəlinməsi klinik praktikada diqqət tələb edən vəziyyətdir.
Postpartum tiroidit
Haşimoto tiroiditi ilə nəzarətdə olan qadınlarda doğuşdan sonrakı aylarda vəzin alovlanması (postpartum tiroidit) baş verə bilər. Əlamətləri: oyanıqlıq, əllərdə əsmə, ürək döyüntülərinin artması. Doğuşdan sonra təqibi davam etdirmək lazımdır — dərman istifadə etməyən xəstələrdə doğuşdan sonra çox yüksək TSH göstəriciləri müşahidə olunur.
Müalicə
Hormon çatışmazlığı yarandıqda əvəzedici hormon terapiyası təyin olunur; doza fərdi seçilir və müntəzəm nəzarətlə tənzimlənir. Antitel yüksəkliyi olan, lakin hormon göstəriciləri normal olan xəstələr müşahidəyə alınır.
Nə etmək faydalıdır?
Həkimin xəstələrə verdiyi ümumi tövsiyələr:
- Xəstəliyinizin nə olduğunu və nə ilə mübarizə apardığınızı bilin
- Kifayət qədər və müntəzəm yatın
- Lifli qidalar qəbul edin
- İltihab artırıcı və çox emal olunmuş, paketlənmiş qidalardan uzaq durun
- Müntəzəm fiziki aktivlik göstərin
- Nəzarət müayinələrinizi axsatmayın
Bu tövsiyələr ümumi xarakter daşıyır və fərdi pəhriz göstərişi deyil.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
Haşimoto tiroiditi ilə sağlam uşaq dünyaya gətirə bilərəmmi?
Haşimoto tiroiditi hamiləliyə mane olan diaqnoz deyil. Vacib olan hormon göstəricilərinin hədəfdə saxlanması, dərmanın düzgün istifadəsi və təqib müayinələrinin vaxtında aparılmasıdır.
Haşimoto sağalırmı?
Autoimmun proses özü geri dönmür, lakin xəstəlik yaxşı idarə oluna bilir. Hədəf hormon göstəricilərinin normal aralıqda saxlanılması və şikayətlərin aradan qaldırılmasıdır.
Yod qəbul etsəm faydalı olarmı?
Xeyr, avtomatik olaraq faydalı deyil. Yod qəbulunun yüksək olduğu ölkələrdə Haşimoto tiroiditinə daha çox rast gəlinir. Həkimlə məsləhətləşmədən yod, sink və ya selen preparatı qəbul etməyin.
Kələm, brokoli yemək olarmı?
Kələm sinfi tərəvəzlərin (zobogen qidaların) çox miqdarda qəbulu tövsiyə olunmur, lakin bu, onların tamamilə qadağan olması demək deyil. Miqdar və fərdi vəziyyət nəzərə alınmalıdır.