Osteoporoz sümüklərin sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Xalq arasında "sümük əriməsi" adlanır. Sümük daxilində boşluqların yaranması nəticəsində kiçik travmalar və yüngül yıxılmalar belə sınıqlara səbəb ola bilər. Ən vacib xüsusiyyət: osteoporoz səssiz gedişata malikdir — uzun müddət heç bir simptom vermədən inkişaf edə bilər.
Kimlər risk qrupundadır?
- 50 yaşdan yuxarı insanlar, xüsusilə qadınlar
- Menopauzadan sonrakı dövrdə olan qadınlar (estrogen səviyyəsinin azalması)
- Erkən menopauzaya girənlər və ya yumurtalıqları əməliyyatla götürülənlər
- Ailə tarixçəsində osteoporoz olanlar
- Az hərəkətli həyat tərzi keçirənlər
- Siqaret çəkənlər və spirtli içki istifadə edənlər
- Kalsium və D vitamini çatışmazlığı olanlar
- Uzunmüddətli kortikosteroid qəbul edənlər
- Bəzi endokrin və autoimmun xəstəlikləri olanlar
- Hipertireozu olanlar (sümük mübadiləsi sürətlənir)
Diaqnoz necə qoyulur?
- Sümük-mineral dansitometriyası — sümük sıxlığının ölçülməsi
- Kalsium, fosfor, parathormon, D vitamini səviyyəsi
- Tiroid funksiyası
- Göstəriş olduqda əlavə müayinələr
D vitamini çatışmazlığı
Əlamətlər:
- Əzələ və sümük ağrıları
- Ümumi zəiflik
- Yuxululuq və ya yuxusuzluq
- Saç tökülməsi
- Baş ağrısı
- Kürək ağrısı
D vitamini çatışmazlığı praktikada çox tez-tez rast gəlinir və yorğunluq şikayəti ilə müraciət edən xəstələrdə ciddi səviyyədə aşkarlanır.
Həkim nəzarəti olmadan heç bir vitamin və mineral preparatı qəbul etmək olmaz. Hər preparatın dozası xəstəyə fərdi təyin olunmalıdır. Praktikada iki il ərzində nəzarətsiz yüksək dozada D vitamini qəbul edən xəstələrdə arzuolunmaz laborator nəticələr müşahidə olunur.
Primer hiperparatireoz
Paratiroid vəzilər boyunda, traxeyanın önündə, qalxanabənzər vəzin arxasında yerləşən dörd kiçik vəzdir. Onlar parathormon ifraz edərək bağırsaq, sümük və böyrəkdə kalsium və fosfor mübadiləsini tənzimləyir.
Bu vəzlərdən birinin (nadir hallarda bir neçəsinin) böyüməsi və artıq miqdarda parathormon ifraz etməsi primer hiperparatireoz adlanır və qanda kalsium artıqlığı ilə gedir.
Əlamətlər: ayaqlarda və oynaqlarda ağrı, halsızlıq, əzələ zəifliyi, əzələ qıcolmaları, depressivlik, çox su içmə.
Vaxtında aşkarlandıqda paratiroid adenoması cərrahi müalicə ilə aradan qaldırıla bilir.
Kalsium azlığı (hipokalsemiya)
Əsas əlaməti əl, ayaq və ağız ətrafında qıcolmadır. Ağır hallarda bronxospazm, larinqospazm və EKQ dəyişiklikləri müşahidə olunur. Bəzən heç bir klinik simptom vermir.
Sümük sağlamlığı üçün nə etməli?
- Kalsium və D vitamini səviyyənizi həkim nəzarətində saxlayın
- Müntəzəm, çəki daşıyan fiziki aktivlik göstərin
- Siqareti dayandırın
- Spirtli içkidən uzaq durun
- Risk qrupundasınızsa dansitometriya müayinəsindən keçin
- Uzunmüddətli steroid qəbul edirsinizsə osteoporoz riski dəyərləndirilməlidir
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Tez-tez verilən suallar
Sümük ağrılarım var — bu mütləq osteoporozdurmu?
Xeyr. Sümük və əzələ ağrılarının səbəbi D vitamini çatışmazlığı, hipotireoz, hiperparatireoz, revmatoloji xəstəliklər və digər vəziyyətlər ola bilər. Səbəb müayinə ilə müəyyən edilir.
Menopauzadan sonra mütləq yoxlanmalıyammı?
Menopauza osteoporoz üçün əsas risk faktorlarındandır. Həkiminizlə dansitometriya müayinəsinin sizə lazım olub-olmadığını müzakirə edin.
D vitamini özüm qəbul edə bilərəmmi?
Doza fərdi təyin olunmalıdır. Həm çatışmazlıq, həm də artıqlıq zərərlidir.